psynavigator - Frustrasiya nədir?
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  => Frustrasiya nədir?
  => Emosional hallar
  => Məhkəmə psixoloji ekspertizasə
  => Stressin mərhələləri
  => Yaradıcılıq psixologiyası
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Frustrasiya emosional halının məhkəmə-psixoloji ekspertizası

Frustrasiya sözünün hərfi mənası aldanma, ümidsiz gözləmə, intizardır. Frustrasiya uğursuzluğun emosional yaşanmasıdır. Başqa sözlə, arzunun, məqsədin, motivin ödənilməməsi nəticəsində yaranan emosional haldır. İnsan tez-tez narazılıq hissi keçirir, məsələn, dərsə ya da işə gecikir, danlanır, töhmət alır və s. Lakin bu hadisələr onun şüur və fəaliyyətini pozmur. Frustrasiya yalnız o zaman olur ki, olmuş hadisə şəxsin sosial qiymətinə və özünə olan qiymətinə zərər gətirsin, şəxsin son dərəcədə əhəmiyyətli münasibətinə toxunsun. İnsan adət etdiyi sosial əlaqələrdən məhrum olduqda da frustrasiya halı keçirə bilər. Çox vaxt frustrasiya psixi fəaliyyətin daxilində olan ziddiyətlərdən, münaqişələrdən törəyir. Psixika daxili ziddiyətlərin aşağıdakı tipləri vardır:
1. İnsan elə bir vəziyyətə düşür ki, iki bərabər əhəmiyyətli, ya da çox istənilən, arzu edilən imkanlardan birini seçmək məcburiyyətində qalır. Belə bir vəziyyətdə insan hansı imkanı seçəcəyini bilmir və frustrasiya halı yaşayır.
2. İki eyni dərəcədə istənilməz, arzu edilməz imkandan birini seçmək məcburiyyətində qaldıqda da insan frustrasiya halı yaşayır.
3. Bir arzu edilən imkan və məqsədin seçilməsi arzuedilməz nəticələrə səbəb olur. Digər tərəfdən arzuedilməz yol arzu edilən nəticələrə gətirib çıxarır. Belə hallarda seçəcəyi yol və imkanın əhəmiyyətindən asılı olaraq frustrasiya emosional halını yaşayır. Frustrasiya halı-emosional təbiətli, təcrübəsiz, iradəsi zəif adamlarda, ərköyün böyümüş uşaqarda daha çox müşahidə olunur.
Frustrasiyanın subyektiv yaşanması. Frustrasiya zamanı insan xəyal qırıqlığı, ümidsizlik, əsəbilik, məyusluq, bədbinlik, həyəcan hissi keçirir, ətrafa qarşı laqeyd olur, özünü asıb-kəsir, ifşa edir, özünü artıq adam, lazımsız, dəyərsiz, küt, qabiliyyətsiz və s. hesab edir. Frustrasiya hissi bir çox hallarda zəifləyir və aradan çıxır. Əgər frutrasiya zəifləmirsə, get-gedə güclənirsə, o zman insan uğursuzluğunun səbəbini axtarmağa çalışır və bu səbəbi bir halda özündə, digər halda isə başqalarında görür. Qeyd etmək lazımdır ki, frustrasiya insanın təfəkkürünün tənqidilik xüsusiyyətinə güclü təsir edir. Ona görə də bir çox hallarda frustrasiya keçirən adam öz mühakimələrində obyektiv ola bilmir, öz uğursuzluğunda özünün və başqalarının rolunu düzgün qiymətləndirə bilmir, hissə qapıldığı üçün birtərəfli və səhv düşünür, səhv nəticələrə gəlir və elə ona görə də özünə və başqalarına qarşı düzgün hərəkət edə bilmir. Bir çox hallarda cinayətə yol verir, ağır cinayət törədir, başqasına zərər yetirir və ya onu öldürür, ya da özünə qəsd, intihar edir. Məhkəmə-psixoloji ekspertizası praktikasında frustrasiya nəticəsində intihar halları tez-tez müşahidə olunur. Ona görə istintaq orqanları, prokurorluq, məhkəmə intihardan qabaq intihar etmiş şəxsin psixi halını və onun səbəblərini müəyyən etmək üçün tez-tez ekspertizaya müraciət etməli olurlar. Burada bir məsələni qeyd etmək lazımdır ki, intiharın səbəbləri olduqca çoxdur və frustrasiya halı yalnız onlardan biridir. Son zamanlar respublikamızda həyat şəraitinin çətinləşməsi ilə əlaqədar olaraq intihar halları xeyli artmışdır. Xüsusilə qeyd etməliyik ki, xüsusən əsgərlik şəraitində bəzən intihar edən şəxs qəsdən təqib və təhqir edilir, intihar etməyə məcbur edilir. Ona görə belə halları frustrasiya halı keçirməsi ilə əlaqədar olaraq intihar edənlərdən ayırmaq üçün psixoloji ekspertiza təşkil edilir. Belə ekspertizaların xüsusiliyi və çətinliyi ondan ibarətdir ki, onlar intihardan sonra cinayət işi materialarının əsasında aparılır ki, burada da bir çox hallarda cinayət işində intihar etmiş adamın psixoloji xüsusiyyətlərini, intihar şəraitini əks etdirən faktlar olmur. Bu rəyin obyektivliyinə xələl gətirir. Frustrasiya halının ekspertizasında səhvə yol verməmək üçün cinayət işində olan hər bir fakt, ifadə ciddi surətdə təhlil edilməlidir. İmkan dairəsində müstəntiqin köməkliyi ilə bəzi məsələlər yenidən və ətraflı şəkildə araşdırılmalıdır. Qeyd etmək lazımdır ki, frustrasiya halını müəyyən etmək üçün mərhumun xarakter xüsusiyyətləri olduqca dəqiq tədqiq edilməlidir. Yuxarıda qeyd etdik ki, bəzi adamlar, o cümlədən emosional təbiətli, təcrübəsiz, iradəsi zəif olan adamlar intihara meylli olurlar. Yenə yuxarıda göstərdik ki, frustrasiya halı keçirən adamlar üçün bədbinlik, həyatdan küskünlük halı səciyyəvidir. Ona görə mərhumun intihardan qabaqkı davranışı, işə, yoldaşlarına, yaxınlarına, ailəsinə münasibəti tədqiq olunmalıdır. Bu cəhətdən aşağıdakı cinayət işi, həmin iş əsasında yazılan rəy çox səciyyəvidir (rəy dos. İ. Ə. Seyidovun arxivindən götürülmüşdür).
İşin qısa məzmunu: mərhum Məmmədov E. S. bazar günü təxminən saat 10:00 radələrində idman etmək bəhanəsi ilə yaşadığı evin damında yerləşən emalatxanaya qalxmış və emalatxananın tavanından özünü kəndirlə asaraq intihar etmişdir. Özünü kəndirlə asmazdan əvvəl şerlə müəmmalı “vəsiyyətnamə” yazmışdır. Cinayət işi materialarından görünür ki, mərhum 1994-cü ildə ordu sıralarına çağırılmış, Türkiyəyə miçmanlıq məktəbinə göndərilmiş, oradan qayıtdıqdan bir müddət sonra 9 mart 1995-ci ildə teleqrafistlər şöbəsinin komandiri təyin olunmuşdur. Lakin sonra səyinə baxmayaraq irəli gedə bilməmiş və ruhdan düşmüş, səhlənkarlıq etmişdir. Belə ki, xidmət kartında bir dənə də olsun təşəkürü yoxdur, nisbətən qısa müddət ərzində (bir il üç ay) işə çıxmadığına, icazəsiz hərbi hissədən getdiyinə, işinə cinayətkarcasına məsuliyyətsiz yanaşdığına görə 9 dəfə töhmət almış və hətta üç və yeddi sutkalığa həbs olunmuşdur. Lakin mərhum son ay yarım ərzində cəza almamışdır. Xidmət kartında deyilir ki, mərhum intizamsız və səhlənkar olmuşdur, şəxsi, heyətlə işlərində çətinlik çəkmişdir, prinsipial olmamışdır, orta səviyyəli nüfuza malik olmuşdur. İradları düzgün qəbul etmiş, sirr verməyən, olduqca qapalı, ünsiyyətsiz, dostsuz adam olmaqla fiziki cəhətdən sağlam olmuşdur.
Mərhumun hadisədən əvvəlki hal və davranışının və onları törədən səbəblərin retrospektiv psixoloji təhlili. Cinayət işi materiallarından görünür ki, mərhum Məmmədov Elmarın ölümündən bir nəfər şikayətçi vardır ki, o da onun atasıdır. O verdiyi ifadələrində, yazdığı ərizə və şikayətlərində belə bir rəvayəti israrla təkrar edir ki, oğlunun ölümünə onu matrosların gözü qabağında döyən və beləliklə, onu hörmətdən salaraq intihar etmə dərəcəsinə çatdıran komandirləri (üç adamın adı çəkilir) olmuşdur. Mərhumun atası deyir ki, ölümündən iki-üç həftə əvvəldən, yəni mayın 10-15-dən başlayaraq oğlu çox qəmgin idi və özünü çox narahat hiss edirdi. Ondan kefsizliyinin səbəbini soruşanda dedi ki, komandirləri onu matrosların gözü qarşısında döyərək biabır etmişlər. Əgər mərhum atasının dediyi kimi doğrudan da döyülübsə, o zaman bu hadisə mayın 10-na qədər baş verib, mərhum isə döyüldükdən 20-30 gün sonra intihar etmişdir. Deməli, mərhum özünü bilavasitə döyülmənin təsiri altında asmamışdır, çünki onun döyülməsi (əgər döyülübsə) və asması arasında bilavasitə əlaqə yoxdur, əgər varsa, o çox dolayı və mübahisəlidir. Mərhumun döyülməsi ilə intiharı arasında xeyli (bir aya yaxın) vaxt keçmişdir və bu müddət ərzində onu intihara təhrik edəcək başqa əhəmiyyətli hadisələr ola bilərdi. Cinayət işi materiaalarının təhlili göstərir ki, son 20-25 gün ərzində mərhum üçün ev, borc məsələsi ilə əlaqədar çox mühüm və xoşagəlməz hadisə baş vermişdir. Mərhumun ev planları baş tutmamışdır və o bir növ nişanlısının yanında pis vəziyyətə düşmüşdür. Bu sevən gənc üçün heç də balaca bir məsələ deyildir. Mərhumun atası oğlunun hadisədən 2-3 həftə əvvəl döyüldüyünü və oğlunun bu səbəbdən intihar etdiyini söyləyir. Müşahidə və tədqiqatlar göstərir ki, bir qayda olaraq intihar hadisələri insan döyüldükdən, təhqir olunduqdan bilavasitə sonra olur. Həmçinin şahidlərin verdiyi ifadələrdən də məlum olur ki, mərhum may ayının 17-də, yəni “döyüldüyü” gündən 5-10 gün sonra onu “döyən” komandirləri ilə kef məclisində olmuşdur, daha doğrusu ad gününü onlarla bir qeyd etmişdir. Belə çıxır ki, mərhum döyüldükdən sonra döyülən zaman aldığı zərbələrin ağrısı keçməmiş onu döyən şəxslərə qonaqlıq vermişdir. Bu məntiqə, ağıla sığan bir fikir deyildir. Psixoloji tədqiqatlar və məişət müşahidələri göstərir ki, döyüldükdən və təhqir olunduqdan sonra gənc, sağlam qüvvətli adam qəmgim yox, qəzəbli, hiddətli və son dərəcə əsəbi olur. Belə adam iş yerində dğyülürsə, işə çıxmır, adamlardan qaçır, hətta yeməyini yeyə bilmir, bəzi hallarda intiqam yolları axtarır. Bunların heç biri olmamışdır. Mərhum son ay yarım ərzində işindən qalmamış, işdə səhlənkarlıq edib icazəsiz çıxıb getməmiş, əvvəlki aylardan fərqli olaraq töhmət almamış və həbs edilməmişdir. Qeyd etmək lazımdır ki, bərk döyülən adamın bədənində, xüsusilə üzündə izlər qalır, əhvalı, davranışı tamamilə dəyişir. Mərhumun evində heç kəs bu dəyişikliyi hiss etməmişdir. Mərhumun işində problem olduğunu, döyüldüyünü, söyüldüyünü, təhqir olunduğunu onunla müntəzəm görüşən nişanlısı da hiss etməmişdir. Əksinə, xoş xəbərlərlə müjdələmiş, mayın 15-də ona təzə evin açarlarını alacağını söyləmişdir. Yalnız ölümün əvvəlki günü (mayın 31-də) çox qəmli olmuşdur və nişanlısı bunun səbəbini soruşanda isə sənlik iş deyil demişdir. Mərhumun atası öz ifadə və şikayətlərində demişdir ki, oğlunun dediyinə görə onu üç nəfər döymüşdür. Mərhum isə özünün məlum “vəsiyyətnamə”sində onu bir adamın “bədbəxt etdiyini” göstərir. “Vəsiyyətnamə”nin tonundan görsənir ki, bu bir “şəxs” onun iş yerində işləyən və onu döyən adam deyildir. Çünki mərhum ona salamlar aparmağı xahiş edir, ona xoşbəxt gələcək arzulayır və s. Sağlam düşüncəli adamın onu təhqir edən, hörmətdən salan adama salam göndərməsi mümkün deyildir. Qeyd etməliyik ki, “bədbəxt” sözü ilə “döyülmə” məfhumu arasında bir qədər uyğunluq yoxdur, çünki adətən “bədbəxt” sözü eşq ilə, həyat problemləri ilə və s. ilə bağlı məsələlər ilə əlaqədar problemləri ifadə etmək üçün işlədilir. “Bədbəxt” sözünü insan həyatında, işində uğursuzluğa uğradığı vaxt, onun üçün həyati əhəmiyyətə malik məqsədlərinə çatmadıqda, planları pozulduqda və beləliklə, həyatının mənasını itirdikdə işlədir. Mərhum işində uğursuz olmamışdır. Qısa müddət ərzində əvvəlcə miçman, sonra isə məxfi şöbənin rəisi olmuşdur. Cinayət işi materiallarının təhlili nəticəsində biz bu fikrə gəlirik ki, mərhumu iki şəxs bədbəxt edə bilərdi. O şəxslərdən biri onun nişanlısı, ikincisi isə ev almaq üçün dəllallıq edən şəxs. Xüsusi olaraq qeyd edək ki, bu şəxslərdən heç biri mərhumu bədbəxt etmək fikrində olmamışdır, onlar mərhumu bilavasitə yox, dolayı yolla, uzaqdan uzağa bədbəxt edə bilərdilər. Cinayət işi materialladrından görünür ki, mərhumun nişanlısı ilə problemləri olmamışdır.lakin nişanlısı ilə evlənmək naminə ev almaq fikrinə düşmüş, borca girmiş, hətta nişanlısının ailəsindən xeyli pul almış, lakin iflasa uğramış və deməli bədbəxt olmuşdur. Cinayət işi materiallarından görünür ki, mərhum həyatının son aylarında çox qəmgin olmuşdur, başqa sözlə desək, ruhi düşkünlük halı, depresiya yaşamışdır. O hətta dərmana əl atmış, həb qəbul etmişdir, yoldaşları soruşduqda isə demişdir ki, “tamam huşsuz olmuşam”. Mərhumun “vəsiyyətnamə”si isə məntiqsiz və dolaşıqdır. Mərhum burda ölümünün səbəbini göstərmir, nəyə görə intihar etdiyini açıb söyləmir və bizcə bu təsadüfi deyildir, çünki onu intihara məcbur edən konkret adam yoxdur. Mərhuma yalnız o aydındır ki, o inihar etməlidir, yox olmalıdır, aradan çıxmalıdır, çünki onun ölünümə artıq fərman verilmişdir və heç kim bunun üçün ondan heç nə soruşmasın. Bu mühakimələr bir növ ruhi pozğunluq əlamətidir. “Vəsiyyətnamə”nin psixoloji təhlili mərhumda müvazinətsizlik və hətta pozğunluq olduğunu göstərir. Belə ki, mərhum xahiş edir ki, onun qəbrini onu bədbəxt edən Gülnarəninki ilə bir etsinlər, bu mümkün olan şey deyildir. Çünki Gülnarə hələ sağdır və onun ölümü irəlidədir. Mərhum fikrini mücərrəd şəkildə ifadə edir, işarələrlə, eyhamla danışır. Bu onu göstərir ki, mərhum “vəsiyyətnamə”ni kiməsə nə isə demək məqsədilə yox, ölümünü, intiharını diqqət mərkəzinə çəkmək üçün, “cürətini” nümayiş etdirmək üçün yazmışdır. Nəhayət qeyd tməliyik ki, mərhum xarakterinə görə şizoid tipli, yəni qapalı, ünsiyyətsiz, sirr verməz, dostu olmayan adam olmuşdur ki, bu xüsusiyyət onun emosional halının dəyişməsində və intihar etməsində xüsusi rol oynamışdır.
Nəticələr.
1. Mərhum Məmmədov Elmar Süleyman oğlu ölümündən əvvəl kəskin şəkildə təzahür edən depresiya halı, yəni ruhi düşkünlük halı keçirmişdir. İntiharın bilavasitə psixoloji səbəbi onun keçirdiyi depresiya halı olmuşdur.
2. Cinayət işi materiallarının təhlili göstərir ki, depresiya halı öz növbəsində iki amilin təsiri nəticəsində yarana bilərdi ki, onlardan biri psixoloji, ikincisi isə patoloji amildir. a) İntihardan bilavasitə əvvəl mərhumu intihara təhrik edə biləcək heç bir fövqəladə hadisə olmamışdır. Mərhumun işində, iş yoldaşları, ailə üzvləri, nişanlısı ilə də onu intihara təhrik edə biləcək problemi olmamışdır. Onun evlənmək, müstəqil yaşamaq üçün ev almaq, borc alıb vermək problemi olmuşdur. Bu işdə isə o uğursuz olmuş və iflasa uğramışdır. Bu uğursuzluq əsasında mrhumda frustrasiya adlanan emosional hal yaranaraq depresiya şəklində təzahür edə bilərdi. b) Mərhumun müəmmalı “vəsiyyətnamə”si, xarakter xüsusiyyətləri, yaşı, son aydakı davranışı onun intiharının ruhi pozğunluq, daha doğrusu, xəstəlik nəticəsində olması fikrini istisna etmir.
3. Mərhum kəskin şəkildə əzahür edən depresiya, yəni ruhi düşkünlük vəziyyətində olduğu üçün onun baş verən hadisələri düzgün dərk edib, qiymətləndirmək qabiliyyəti məhdud olmuşdur. Şüurun, depresiyanın güclü təzyiqi altında olması nəticəsində mərhum olan problemlərin əhəmiyyətini, çətinlik dərəcəsini şişirtmiş, problemdən düzgün çıxış yolu tapa bilməmiş və intihar yolu ilə məsələni həll etmişdir.
4. Mərhum xarakterinə görə olduqca qapalı, ünsiyyətsiz, dostu,yoldaşı olmayan, daxili aləmini gizli saxlayan, şizoid tipli adam olmuşdur. Mərhumun xarakterinin bu xüsusiyyətləri (şizoidlik, yüngül xarakter pozuntusu) onun depresiya halına düşməsini asanlaşdırmış və bu da öz növbəsində onda intihar meyli yaratmışdır.

Müəllif :Cəbrayılova Səbinə





















Сегодня были уже 1 посетителей (26 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=