Məlum olduğu kimi mövcud qanunlara görə cinayəti törədən zaman yaranan güclü ruhi həyəcan halı (yəni fizioloji affekt) təqsiri yüngülləşdərəci amil sayılır. Uzun illər ərzində müqəssirin cinayəti törədən zaman affekt vəziyyətində olmasını hüquqşünaslar ya mütəşəkkil olaraq özləri və ya məhkəmə-psixiatrik ekspertizasının köməyi ilə müəyyən edirlər. Lakin bu mürəkkəb məsələnin həllində bir şey məhkəmə-psixiatrik ekspertizasının imkanlarının məhdud olması onun tamam başqa proseslə, yəni psixikanın patologiyası ilə məşğul olması nəzərdən qaçırılırdı. Fizioloji affekt nədir və başqa emosional hallardan, o cümlədən əhvaldan, stressdən, hisslərdən, ehtirasdan nə ilə fərqlənir? Əvvəla fizioloji affekt norma çərçivəsindən kənara çıxmayan emosional haldır. Başqa emosional hallardan fiziolooji affekt yaranma və cərəyan etmə mexanizminə görə fərqlənir. Fizioloji affekt üç xarakterik xüsusiyyətlə səciyyələnir.
Fizioloji affekt qəflətən yaranan, olduqca qüvvətli, lakin qısa müddətli emosional haldır. Onun əsasını hər bir sağlam adama xas olan təbii neyrodinamik proseslər təşkil edir. Ona görə də fizioloji affektin diaqnostikası və tədqiqi tamamilə məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir.
Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır, daha doğrusu qanunazidd zorakılıqdır.
İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur. Fizioloji affektin yaranmasının başqa əhəmiyyətli şərtləri də vardır. Psixoloqların fikrincə hər şəraitdə fizioloji affekt yaranmır. O, yalnız xüsusi əlamətlərlə səciyyələnən şəraitdə yaranır ki, belə şəraitə affektogen şərait deyilir. Affektogen şərait- kəskin münaqişəli şəraitdir ki, buna dava-dalaş, mübahisə və s. misal ola bilər. Fizioloji affektin ekspertizası zamanı belə bir affektogen şəraitin, yəni kəskin münaqişəli şəraitin olub-olmamasına xüsusi fikir vermək lazımdır. Qeyd etmək lazımdır ki, affektin gücü ilə affekt yaradan səbəbin qüvvəsi arasında dəqiq əlaqə yoxdur, yəni affektiv partlayışın gücü və dərinliyi insana təsir edən qıcıqlandırıcının (yəni təhqirin və zorakılığın) obyektiv qüvvəsinə bərabər deyil, çünki eyni bir təsir insan şüurunda müxtəlif şəkildə əks oluna bilər. Bu məsələ ilə əlaqədar olaraq deməliyik ki, situasiya və səbəbsiz affektin yaranması mümkün deyildir. Lakin affektin yaranması üçün səbəb və situasiya kifayət deyildir. Affektin yaranması üçün tələb olunan əlavə şərtlərə insanın fərdi psixoloji xüsusiyyətləri və hadisədən əvvəlki psixi halı aiddir. Fizioloji affektin psixoloji ekspertizası zamanı bu məsələyə də xüsusi fikir verilməlidir, yəni müqəssirin fərdi-psixoloji xüsusiyyətləri və hadisədən əvvəlki psixi halı tədqiq edilməlidir. Tədqiqat zamanı cinayət işi materiallarının təhlilinin və testlərlə aparılan psixoloji müayinənin nəticələrindən istifadə etmək lazımdır. Apardığımız müşahidə və tədqiqatlar göstərir ki, bu məsələnin həllində bəzi hallarda ekspert-psixoloqlar kobud səhvə yol verirlər. Belə ki, əvvəla şəxsiyyətin psixi xassələri və psixi halları tədqiq edilmir. Ekspert psixoloqların bir qrupu müqəssirin şəxsiyyətinin psixi xassələrini yalnız törənmiş cinayətin retrospektiv psixoloji təhlili və cinayət işi materiallarının tədqiqi əsasında müəyyən etməyə çalışırlar
Cəbrayılova Səbinə |